2017-01-10

“ASAN Viza” portalı tam istifadəyə verilib

 Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-dan etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az ) test rejimindən çıxaraq tam istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov AZƏRTAC-a bildirib ki, bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Arxiv üzrə axtarış