2017-01-19

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Aktauda yad olunub

 Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun və bu ölkənin Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi şəhidlərinin anım mərasimi keçirilib.

Mərasimdə “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı, Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, şəhər ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının (ABİA) üzvləri, jurnalistlər, azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıb, respublikamızın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından danışan E.Zeynalov bütün bunların nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini deyib, ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən hüquqi-siyasi qiyməti xüsusi vurğulayıb.

Sonra Türkiyənin Aktaudakı baş konsulu Korhan Kürgeri, “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, professor Yusif Quliyev, vilayət ağsaqqallarından və ictimaiyyət arasında nüfuzlu şəxslərdən olan Sarsenbay Tulebayev çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər. Şair Rövşən Həsənli isə 20 Yanvar şəhidlərinə həsr etdiyi şeiri söyləyib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib. Tədbir keçirilən zalda, həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan foto-kompozisiya yaradılıb.

Rəsmi hissədən sonra azərbaycanlı iş adamları Kərim Hüseynov və Əliəşrəf Allahverdiyev tərəfindən 20 Yanvar şəhidlərinin ruhuna ehsan süfrəsi açılıb, dualar oxunub. 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ehsan payları, həmçinin Aktau şəhərində yaşayan aztəminatlı ailələrə də paylanılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau    

    
      

Arxiv üzrə axtarış