20 Yanvar qətliamı təkcə azərbaycanlıların deyil, həm də digər xalqların faciəsidir
X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzində təşkil olunmuş tədbirdə Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında məlumat verib. O, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək 1990-cı il yanvarın 20-də Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində baş vermiş faciə haqqında danışıb.
Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayəti Dostluq Evinin direktoru Amanturlina Tamara Uteqenovna, Atırau vilayətindəki çeçen-inquş diasporunun sədri Zurubayev Zelimxan Asabaliyeviç çıxış edərək bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların faciəsi olduğunu vurğulayıb, hər zaman Azərbaycan xalqının yanında olduqlarını qeyd ediblər.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau