2017-02-04

Pakistan parlamenti komitəsinin qəbul etdiyi qətnamədə Xocalı soyqırımı pislənilir

Fevralın 2-də Pakistan İslam Respublikasının Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi 32-ci iclasında Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pislənilir.

Xarici əlaqələr üzrə daimi komitə bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təsdiqləyir. Komitə, həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmasını tələb edir və beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarların icrasına vadar etməyə çağırır.

Arxiv üzrə axtarış