XİN Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda kütləvi informasiya vasitələrinin məlumatlarına istinadən 2017-ci il fevralın 20-də Ermənistanın Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırdığı bildirilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, “fait accompli” vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan, həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur.
BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli üçün prinsipial baza olan 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyri-qanuni “referendum” Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma “referendum”, həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir.
“Biz beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni “referendum”u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilir.