2017-02-25

Qazaxıstanın Aktau şəhərində Xocalı soyqırımı ilə bağlı daha bir tədbir keçirilib

24 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində daha bir tədbir keçirmişdir. Tədbirdə Baş konsulluq tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilmişdir. 
Aktau şəhərinin RENEISSANSE-Aktau otelində təşkil olunmuş tədbirdə Aktau şəhərində akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak etmişlər. Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto və kitabların sərgisi təşkil olunmuşdur. 
Tədbirin əvvəlində Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermişdir. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışmışdır. O, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırmışdır. 
E.Zeynalov ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi haqqında məlumat verərək, tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu filmin Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulduğu haqqında danışmış və filmin Aktau şəhərində nümayişində göstərdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) minnətdarlığını bildirmişdir.
Daha sonra Xocalı sakinlərinin dünya ictimaiyyətinə müraciəti oxunulmuşdur.
Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov və digərləri çıxışlar edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə nail olunacaqlarını bildirdilər. 
Çıxışlardan sonra “Sonsuz dəhliz”sənədli filminin nümayişi olmuşdur.
Sonda tədbir iştirakçıları tərəfindən RENEISSANSE-Aktau otelinin önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılmışdır.

Arxiv üzrə axtarış