2017-02-27

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər

Bakı, 26 fevral, AZƏRTAC

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.

Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.

İnsanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 25 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silə bilməyib. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.

Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Heydər Əliyev abidənin önünə tər güllər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

X X X

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 24 yanvar tarixli Sərəncamında deyilir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır”.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada keçirilən mitinqlər, bir sıra ölkələrdə anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub.

Bu yürüş həm də dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu ötən il aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti təxribatlara əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur oldu. Genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının bir hissəsini işğalçılardan təmizlədi. Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə əzminin yenilməzliyini təsdiq edən bu qələbə sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.

X X X

Fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.

Arxiv üzrə axtarış