Azərbaycan-Qazaxıstan dostluq parkı yaradılıb
Aktau, 5 mart, AZƏRTAC
Hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edən azərbaycanlılar ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışırlar.
Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində azərbaycanlı Şəmsəddin Hüseynov növbədənkənar seçkilərdə şəhər maslihatının üzvü seçilməklə deputat mandatını qazanıb.
Aktau şəhər maslihatına seçilən ilk azərbaycanlı deputat Şəmsəddin Hüseynov bu günlərdə “Nur Otan” partiyasının 18 illik münasibətilə ordenlə təltif olunub.
Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkələrimizin milli maraqlarına uyğun təşəkkül tapdığını deyən deputat bunun ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müəyyənləşdirdiyi xarici siyasi kursdan irəli gəldiyini bildirib. Qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin ildən-ilə inkişaf etməsi buna əyani misal ola bilər.
Deputat vurğulayıb ki, Azərbaycan üçün Qazaxıstan Aktaudan başlayır. Aktau Qazaxıstanın dəhlizidir. Artıq Bakıdan Aktauya “AZAL” aviaşirkətinin hər gün reysləri təşkil edilir. Aktauda ikinci dəniz portunun tikintisi aparılır. Loqistik məkəzin fəaliyyəti isə hər iki ölkənin iqtisadiyyatının inkşafına böyük səmərə verəcək.
Həmyerlimiz vurğulayıb ki, Qazaxıstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı son zamanlar artıb. Bu da Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın gücləndiyini göstərir. Ş.Hüseynov onu da diqqətə çatdırıb ki, Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günündən ədalətli və beynəlxalq hüquq normalarına uyğun mövqe tutur.
Qazaxıstanda azərbaycanlıların xidmətlərinin az olmadığını deyən Ş.Hüseynov neftçilərimizin ölkənin Manqışlaq, Quryev neft mədənlərində səmərəli fəaliyyət göstərdiyini, qazaxıstanlı həmkarları ilə əməkdaşlıq etdiyini də bildirib.
“Manqistau vilayətində xidmətləri olan bütün həmvətənlilərimizin unudulmaması üçün Azərbaycan-Qazaxıstan dostluq parkı yaradılıb, onların xatirəsinin anılması üçün büstün qoyulmasını nəzərdə tutmuşuq. Bu abidənin ziyarət yeri olmasını istəyirik. Dostluq parkında Azərbaycandan gətirilən 613 ağac əkilib”, - deyə Ş.Hüseynov bildirib.
Qeyd edək ki, maslihat Qazaxıstanda yerli səlahiyyətli orqandır. Qazaxıstanda vilayət maslihatına növbədənkənar seçkilərdə iştirak etmək üçün digər soydaşlarımız da şəhər maslihatının üzvü seçilməklə deputat mandatı qazanıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau