2017-03-18

Ermənistan-Türkiyə sərhəd məsələsi ilə bağlı Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhi

- Rusiya Xarici İşlər Naziri Ermənistan mediasına müsahibəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə toxunub. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ilə əlaqədar nə deyərdiniz?

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində çıxışı zamanı bu məsələ ilə əlaqədar Türkiyənin qəti mövqeyini bir daha ifadə edərək bildirib ki, Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb və bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər.

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir. Qardaş Türkiyənin bu ədalətli mövqeyi Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

Onu da qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir və bu iddialar Ermənistan konstitusiyasında da təsbit olunub. Ermənistan əsassız olaraq Türkiyəni heç bir tarixi əsası olmayan qondarma “soyqırım” məsələsində günahlandırır.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və qonşu dövlətlərə qarşı iddialarına son qoyulması nəticə etibarilə regionda davamlı sülhün bərqərar olmasına, nəqliyyat xətlərinin bərpa olunması və hərtərəfli regional əməkdaşlığın yaranmasına şərait yarada bilər. Bundan da ilk növbədə Ermənistan və erməni xalqı faydalana bilər.

http://az.trend.az/azerbaijan/politics/2733325.html

Arxiv üzrə axtarış