2017-03-31

İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüşdə nitqi

Aprel döyüşlərindən bir il keçir. Mən bu hərbi qələbə gününün ildönümü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyini, döyüşlərdə iştirak etmiş hərbçiləri dəvət etmişəm. Xahiş edirəm ki, ilk növbədə, aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və eyni zamanda, həlak olmuş mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. 

Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında azyaşlı bir qız uşağı da həlak olmuşdur. Bu, növbəti təxribat idi. Ondan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq.

Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Qeyd etdiyim kimi, ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar.

http://az.president.az/articles/23254 


Arxiv üzrə axtarış