2017-04-12

İlham Əliyev Türkiyənin sabiq Prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.

Dövlət başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladı.

“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, - deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu dedi.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərinin Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğuladı.

Söhbət zamanı dövlətimizin başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırdı.

 

Arxiv üzrə axtarış