2017-05-22

Atırauda keçirilən rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən danışılıb

Qazaxıstanın Atırau şəhərində Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau şəhər akimatlığının (qubernatorluğu) rəsmi şəxsləri, yüksək rütbəli zabitlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, xarici şirkətlərin və holdinqlərin rəhbərləri, jurnalistlər və diaspor fəalları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın qədim və İslam arxitekturasını özündə birləşdirən məscid və dini ibadətgahlarının əks olunduğu fotolardan ibarət sərgi keçirilib. Bildirilib ki, burada əks olunan bəzi məscidlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarında yerləşir. İştirakçılar milli musiqi alətlərimizdən ibarət kolleksiyaya, habelə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına və paytaxt Bakıya dair videoçarxlara da baxıblar.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbirin əhəmiyyətindən danışıb.

Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən bəhs edərək vurğulayıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti tərəfindən böyük işlər görülüb. Səfir, həmçinin bu il ölkələrimiz arasında münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib, bütün sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Diplomat Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin inkişafına müsbət təsirindən də danışıb. Vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb. Rəşad Məmmədov Atırau vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərindən söhbət açıb. Bildirib ki, hazırda Atırauda Azərbaycandan olan 42 hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Atırau vilayəti akiminin birinci müavini Qumar Dyusembayev isə vurğulayıb ki, son 3 ayda Atırau ilə Azərbaycan arasında əmtəə dövriyyəsi artıb. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə yeni layihələr üzərində iş gedir. Q.Dyusembayev qeyd edib ki, tikinti, ərzaq, neft-kimya, kimya, eləcə də digər sahələrdə investisiya layihələrinin birgə işlənməsi nəzərdə tutulur.

Daha sonra rəsmi ziyafətdə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rəhbərliyi tərəfindən tələbələrə Heydər Əliyev təqaüdünün verilməsi və digər təhsil layihələrinin keçirilməsinə dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür bildirilib.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

http://azertag.az/xeber/1063485 

Arxiv üzrə axtarış