No: 173/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olginin birgə mətbuat açıqlaması
Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edildi.
Maria Anxela Olgin Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos salamlarını və xoş arzularını Prezident Zati-aliləri cənab İlham Əliyevə çatdırdı, öz növbəsində, Prezident İlham Əliyev ən xoş arzularının Prezident Xuan Manuel Santos çatdırılmasını xahiş etdi.
Səfər çərçivəsində Azərbaycan və Kolumbiya xarici işlər nazirləri görüş keçirərək ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçirdilər və siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə etdilər.
Nazirlər Kolumbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, Maria Anxela Olginin 8 iyul 2013-cü il 20 tarixində Azərbaycan Respublikasına, nazir Elmar Məmmədyarovun 29-30 may 2017-ci il tarixlərində Kolumbiya Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırladılar. Bu xüsusda nazirlər daimi diplomatik təmsilçiliyin ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni bir təkan verdiyini vurğuladılar.
Nazirlər Azərbaycan və Kolumbiyanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu vurğuladılar.
Nazir Məmmədyarov uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik etdi və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı barışıq və inkişaf üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd etdi.
Nazir Olgin Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə istiqamətlənmiş BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməsinin vacibliyini ifadə etdi.