2017-06-24

“İslam Həmrəyliyi İli” çərçivəsində Aktauda tədbir keçirilib

Aktau, 24 iyun, AZƏRTAC 

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyəti ilə birgə Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində və Ramazan bayramı münasibətilə birgə tədbir keçirib.

Tədbirdə “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri ilə yanaşı, Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər xalqların diaspor təşkilatlarının nümayəndələri, Aktau şəhər ictimaiyyətinin, Azərbaycanın Qazaxıstanda biznes İnvestisiyası Assosiasiyasının (ABİA), yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə qonaqlar Azərbaycanda “İslam həmrəyliyi İli”nə həsr olunmuş fotokompozisiya ilə tanış olublar.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbiri açaraq Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması haqqında məlumat verib. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə malik olması və İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı kimi dünyada tanınmasından danışıb.

Türkiyənin Aktaudakı baş konsulu Korhan Kungeri, azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri Şəmsəddin Hüseynov, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə milli-mədəni cəmiyyətlərinin sədri Yusup Şaxşayev çıxış edərək İslam dininin dəyərlərindən, orucluq mərasimlərinin cəmiyyətdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etməsindən danışıblar.

Tədbir iftar süfrəsi və duaların oxunması ilə davam etdirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

http://azertag.az/xeber/1073462 

Arxiv üzrə axtarış