2017-10-16

İlham Əliyevin adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin şərəfinə rəsmi ziyafət verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident. 

Hörmətli xanım Desislava Radeva.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Diplomatik əlaqələrimiz 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında münasibətlərin zəngin tarixi var. Bu münasibətlər mədəniyyət, incəsənət, elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl ənənə üzərində qurulmuş əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Bu gün də ölkələrimiz arasında humanitar sahədə münasibətlərin inkişafı məmnunluq doğurur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür.

Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur.

İnanıram ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcəkdir. Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır.

http://president.az/articles/25522 

Arxiv üzrə axtarış