2017-10-28

İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirini qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə toxunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğuladı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söylədi.

http://az.president.az/articles/25621 

Arxiv üzrə axtarış