2017-11-21

İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib

Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlətimizin başçısı ilə görüşündən məmnunluğunu bildirdi. O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd etdi və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirdi. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlətimizin başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğuladı və qeyd etdi ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlətimizin başçısı bildirdi ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan Prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd etdi. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlətimizin başçısı bildirdi ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirdi ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

http://az.president.az/articles/25911 

Arxiv üzrə axtarış