İlham Əliyev Sudanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.
Səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.
Səfir Abbas Mustafa Əhməd Abdallay Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı. Abbas Mustafa Əhməd Abdallay qeyd etdi ki, Sudan Respublikasının Prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirdi ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir.