2017-12-18

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər

Bakı. Trend:

Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin foyesində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış oldular.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi:

- Əziz dostlar, 2017-ci il başa çatır. Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirmişlər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.

Bu il bir çox idman qələbələrimiz olubdur. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmuşlar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.

Bu il bizim iki idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olmuşlar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.

Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olmuşdur. Bu da tarixi qələbədir.

Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etmişdir. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir.

https://az.trend.az/azerbaijan/politics/2836800.html 

Arxiv üzrə axtarış