2018-01-20

Aktauda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimini keçirib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, mərasimdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Qazaxıstan Xalqları Milli Assambleriyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər xalqların diaspora diaspora təşkilatlarının üzvləri, Aktau şəhər Maslixatının deputatları, ictimaiyyətinin nümayəndələri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir keçirilən zalda 20 yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılıb, tədbir öncəsi 20 yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilib.

Tədbirin əvvəlində Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov açıb və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəblərindən danışıb və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışıb.

Daha sonra Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Kürgeri, Türkmənistanın Aktau şəhərindəki konsulu Mühamednur Ovezov, Qazaxıstan Xalqları Milli Assambleriyasının Manqistau vilayəti üzrə milli mədəni cəmiyyətlərinin sədri Yusup Şaxşayev, professor Yusif Quliyev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

Arxiv üzrə axtarış