2018-03-19

Aktauda Novruz bayramı qeyd olunub

Azərbaycanın Aktau şəhərində Baş konsulluğu tərəfindən Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə-gənclərin və Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin üzvləri ilə birgə Novruz bayramına həsr olunan təntənəli tədbir keçirillib.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirlə bağlı səməni, şəkərbura, paxlava və s. sifariş olunaraq, süfrələrə bəzədilib.

Tədbirdə yüzdən artıq azərbaycanlı tələbələrlə yanaşı Manqistau vilayət Akimliyinin təhsil idarəsinin nümayəndələri, Aktau şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoqları, digər millətlərdən olan tələbələr, azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin fəalları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, dünyanın bir çox xalqları kimi Azərbaycan xalqının keçirdiyi Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat verərək, 2009-cu ilin sentyabr ayında Novruz bayramı qeyd olunan Azərbaycan, Qazaxıstan və bir sıra digər ölkələrin təşəbbüsü ilə BMT-də Novruz bayramının bəşəriyyətin qeyri maddi irsinin Reprenzentativ siyahısına daxil edildiyini və 21 mart - Beynəlxalq Novruz gününün qəbul edildiyini bildirib. E.Zeynalov, əsası Azərbaycan ümummilli lider Heydər Əliyev tərəifdən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin əsas istiqamətlərindən olan xaricdə yaşayan azərbaycanlılar iş və azərbaycanlı tələbə-gənclərlə bağlı dövlət proqramları haqqında məlumat verərək, bu tədbirin dövlətimizin tələbə-gənclərimizə dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulanıb.

Daha sonra, Manqistau vilayətində fəaliyyət göstaran azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, Aktau şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev, diasporun Qadınlar cəmiyyətinin rəhbəri Rəfiqə Məsimova və digərləri çıxış edərək, tədbir iştirakçılarını təbrik ediblər.

Daha sonra tədbirdə yumurta döyüşü, Azərbaycan dilində şeir müsabiqəsi və ən gözəl rəqs edənlər arasında yarış keçirilib.

Tədbir boyu Manqistau vilayətində fəaliyyət göstərən “Qarabağ” musiqi ansamblı, müğənnilər Həbib Əliyev və gənc Nuray Kardaşovun ifasında Azərbaycanın xalq havaları və mahnıları səslənilib, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən aşağı sinif şagirdlərinin rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib.

Tədbirin sonunda Baş Konsulluğun həyətində Novruz tonqalı alovlandırılıb, Yallı musiqisi ilə gənclər tonqalın ətrafında rəqs ediblər.

https://az.trend.az/azerbaijan/politics/2875154.html 

Arxiv üzrə axtarış