2018-05-07

Atırau Dövlət Universitetinin tələbələri Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlandırılıblar

Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında universitetin rəhbərliyi və tələbələrlə yanaşı, Atırau vilayətin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həmin dövrlərdə xalqımıza qarşı törədilən qanlı cinayətlər haqqında ətraflı məlumat verib.

Atırau vilayət akiminin (qubernatorunun) Qazaxıstan Xalqları Assambleyasının Atırau üzrə təşkilatı üzrə müavini Gülmirə Müslümovna Şakirova, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru Güljan Saqidevna Carasova, Atırau vilayətindəki azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov tədbirin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrə Azərbaycan xalqının tarixi, dövlətçilik ənənələri, azadlıq uğurunda apardığı mübarizə haqqında geniş məlumatlar əldə etmək imkanı yaradır.

Tədbirdə çərçivəsində “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib və jurnalın bir neçə nüsxəsi universitetin kitabxanasına hədiyyə edilib.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən və Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzləşdiyi çətinliklərdən bəhs edən “Əbədi ezamiyyət” filminin nümayişi olub.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışı olub.

https://azertag.az/xeber/1160616#.WvCZVeCKbXE.facebook 

Arxiv üzrə axtarış