2018-05-30

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Aktauda da qeyd olunub

Azərbaycanın Aktaudakı baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

Tədbir keçirilən zalın foyesində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi təşkil edilib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov Manqistau vilayət hakimi (qubernatoru) Yeralı Tukjanovu və digər rəsmi şəxsləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi ilə tanış edərək, Cümhuriyyətimizin yaranma tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Daha sonra Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirilib. Elxan Zeynalov çıxışında Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqlara məlumat verərək, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulmasının azərbaycanlılar üçün qürur mənbəyi olduğunu bildirib. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, 28 May tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsində önəmli yer tutduğunu qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu bildirib. Azərbaycan xalqının yalnız 70 il sonra - 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran diplomat müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğunu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığını qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizinin işğal edildiyini və ölkəmizdə bir milyon insanın məcburi köçkün kimi yaşamağa məcbur olunduğunu deyib. Elxan Zeynalov 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrənin qurulduğunu diqqətə çatdırıb, bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlətə çevrildiyini qeyd edib. Əsası ümummilli lider Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan- Qazaxıstan əlaqələrinin inkişafından danışan diplomat bu gün bu əlaqələrin iki ölkənin prezidentləri tərəfindən strateji səviyyəyə qalxdığını bildirib.

Manqistau vilayət hakimi Yeralı Tukjanov çıxış edərək Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişafından, xüsusilə Manqistau vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf tempindən, vilayətdə azərbaycanlı iş adamları tərəfindən həyata keçirilən layihələrdən danışıb. O, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Rəsmi açılışdan sonra tədbir Manqistau Vilayət Filarmoniyasının kvarteti tərəfindən davam etdirilib, Azərbaycan, qazax və digər bəstəkarların klassik musiqiləri səsləndirilib.

Rəsmi qəbulda qonaqlara Azərbaycanın milli xörəkləri təqdim olunub.

https://azertag.az/xeber/1167576 

Arxiv üzrə axtarış