2018-05-29

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XXV Beynəlxalq Neft və Qaz sərgisi ilə tanış olublar

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar.

Dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verildi.

Bildirildi ki, bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləyən və onun təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir.

Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur.

Fransanı builki sərgidə dünyada böyük nüfuza malik “Total” şirkəti ilə təmsil edir. “Total” Azərbaycanda kəşfiyyat və hasilat işlərinə 1996-cı ildə başlayıb. 2009-cu ilin fevralında şirkət SOCAR ilə Xəzər dənizinin dərin sulu sahəsində yerləşən “Abşeron” bloku üzrə hasilat və pay bölgüsü sazişi imzalayıb. 2011-ci ildə şirkət tərəfindən qazma işləri aparılıb və kifayət qədər karbohidrogen ehtiyatları aşkarlanıb. Bu kəşf “Total”ın Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinin başlanmasına imkan verib.

Norveçin “Statoil” şirkəti yeni strategiyaya uyğun olaraq fəaliyyətini artıq “Equinor” adı ilə davam etdirir. Bu şirkət 1992-ci ildə Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan ölkəmiz bu şirkətin beynəlxalq inkişafında mühüm rol oynayıb. Belə ki, şirkətin Xəzərdə nəhəng layihələrdə aparılan planlaşdırma, işlənmə və əməliyyat proseslərində rolu hər iki tərəf üçün mənfəətli olub. Azərbaycan üçün yeni neft-qaz hasilatı dövrü başlayıb, şirkət isə geniş beynəlxalq enerji arenasında etibarlı tərəfdaş kimi tanınıb.

“SOCAR Polymer” investisiya layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Şirkətin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Bu il istismara verildikdən sonra zavodlar hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.

Özbəkistanın “Uzbeknefteqaz" korporasiyası mütəmadi olaraq sərgidə iştirak edir. Bu qurum 200-dən çox şirkəti, o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar cəmiyyəti və bir sıra digər təşkilatları birləşdirən müasir, çoxpilləli korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhələlərini əhatə edən qarşılıqlı əlaqəli və yaxşı işlənmiş layihələri səmərəli idarə etməyə imkan verir.

Sərgidə iştirak edən yerli “Baku Steel Company” MMC Qafqazın ən böyük metallurgiya zavodudur. Hazırda zavodun istehsal gücü 180 min ton olmaqla 114-245 diametrli tikişsiz, qoruyucu və ümumi təyinatlı borular istehsal edir. Şirkət Rusiya, İran, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkmənistan və digər ölkələrə öz məhsullarını ixrac edir.

SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial və ekoloji proqramlar həyata keçirir. Mayın 29-da rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi layihəsində fəal tərəfdaşlardan olan SOCAR müasir dövrdə ölkəmizin neft strategiyasının uğurla reallaşmasına töhfə verir.

SOCAR-ın stendində Azərbaycanın neft emalı və neft kimyası müəssisələri, neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr barədə geniş məlumatlar yer alıb. Bu layihələrin başa çatması Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsinə mühüm töhfə olacaq, həmçinin ölkəyə əlavə valyuta həcmlərinin axınını təmin etməklə yeni iş yerlərinin yaradılmasına, respublikamızda və region ölkələrində sürətli iqtisadi inkişafa təkan verəcək.

Onu da deyək ki, SOCAR son 15 ildə ümumilikdə 126,8 milyon ton neft, 92 milyard kubmetr qaz hasil edib, 2 milyon metrdən çox qazma işi həyata keçirib. Bundan əlavə, SOCAR-ın təlim və təhsil proqramları yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.

Növbəti dəfə sərgidə iştirak edən “Türkiyə Petrolları” “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.

BP şirkəti də uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr - “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənub Qaz Dəhlizi” layihələri uğurla icra olunub. Ötən dövrdə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 33 milyard dollardan çox sərmayə qoyulub. 3,3 milyard barel neft və təqribən 32 milyard kubmetrdən çox səmt qazı hasil edilib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağı isə BP-nin bu vaxtadək aşkar etdiyi ən böyük qaz yatağıdır. “Şahdəniz bravo” platforması ilə canlı bağlantı zamanı işəsalma üzrə rəis Elxan Dalqılıcov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “Şahdəniz 2” layihəsinin uğurla həyata keçirilməsində bu platforma önəmli rol oynayır.

Prezident İlham Əliyev BP-nin əməkdaşlarına uğurlar arzuladı.

İranın Təhsil, Tədqiqat və Mədəniyyət üzrə Akademik Mərkəzi də sərgidə iştirak edir. Bu mərkəz İranda yerli neft sənayesi üçün tələb olunan texnologiyaların hazırlanması sahəsində fəaliyyətə başlayan ilk təşkilatdır. Mərkəz mexaniki avadanlıqlar, qazma qurğuları, kiçik diametrli elastik nasos-kompressor boruları və digər məhsullar üzrə məsləhət verir.

Sərgidə təmsil olunan Bakı Rusiya İxrac Mərkəzinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada Rusiya müəssisələri haqqında ətraflı məlumatlar almaq mümkündür.

Rusiyada aparıcı müəssisə olan “REP Holding” mexaniki intiqallı qabaqcıl maşınların layihələndiricisi, istehsalçısı və dəstləşdiricisidir.

“Global Energy Azerbaijan” şirkəti də ölkəmizdə uğurla fəaliyyət göstərir. Onun tərəfindən istismar edilən 10 neft yatağı Abşeron yarımadasında, digər neft yataqları isə Azərbaycanın Aran iqtisadi rayonunda yerləşir.

“Schulumberger” şirkəti dünyada neft-qaz sənayesi üçün kollektorların xarakteristikası, eləcə də qazma, hasilat və emal üzrə texnologiyaların aparıcı təchizatçısıdır. Şirkət hasilatdan tutmuş sənayedə mövcud olan məhsul və xidmətlərin ən geniş çeşidini təchiz edir.

https://az.trend.az/azerbaijan/politics/2909910.html 

Arxiv üzrə axtarış