Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Qazaxıstanın Aktöbə şəhərində qeyd edilib
Azərbaycanın Aktaudakı baş konsulluğunun və Aktyubinsk vilayətindəki azərbaycanlıların milli-mədəni cəmiyyətinin təşkilatçılığı ilə Qazaxıstanın Aktyubinsk vilayətinin Aktöbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Aktöbə şəhərindəki Dostluq Evində keçirilən tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb. Sərgidə Cümhuriyyətlə bağlı fotolar, xəritələr, rəsmi sənədlərin surətləri, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair şəkillər nümayiş etdirilib.
Tədbirdə Aktyubinsk vilayətinin akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayət Ağsaqqallar Şurasının rəhbərliyi, vilayətdə fəaliyyət göstərən milli-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Aktyubinsk vilayətindəki azərbaycanlıların milli-mədəni cəmiyyətinin sədri Şahbaz Camalov tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, həmin dövrlərdə mövcud vəziyyət və xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə danışıb.
Aktyubinsk vilayətinin Ağsaqqallar Şurasının sədri Kurmanbek Erkin Jalmırzayeviç çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər, həmin dövrdə imperiya daxilində xalqların azadlıq uğrunda mübarizəsi, qazax xalqının yaratdığı Alaş Orda muxtariyyətinin fəaliyyəti barədə danışıb.
K.Jubanov adına Aktöbə Dövlət Universitetinin dosent Dmitri Matsyuk müasir dövrdə Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafı haqqında məlumat verib.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən və Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzləşdiyi çətinliklərdən bəhs edən “Əbədi ezamiyyət” filminin nümayişi olub.
Filmin nümayişindən sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin - 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulmasının azərbaycanlılar üçün qürur mənbəyi olduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, 28 May tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsində önəmli yer tutduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsidir. Azərbaycan xalqının yalnız 70 il sonra - 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini qonaqların diqqətinə çatdıran diplomat müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğunu bildirib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verib.
Elxan Zeynalov 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc Azərbaycan dövlətinin inkişafı üçün siyasi və iqtisadi bünövrənin qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlətə çevrildiyini qeyd edib.
Daha sonra tədbir Aktyubinsk vilayətindəki azərbaycanlıların milli-mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən rəqs qrupunun və müğənnilərin ifası ilə davam etdirilib. Qonaqlara ziyafət verilib.