2018-06-12

Prezident İlham Əliyev: TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir

TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər. Xanımlar və cənablar.

İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.

Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.

https://az.trend.az/azerbaijan/politics/2916499.html 

Arxiv üzrə axtarış