2019-02-27

Xocalı soyqırımı qurbanlarının xatirəsi Atırauda yad olunub

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, baş konsulluq və Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən Qazaxıstan xalqları Milli Assambleyasının Atırau şəhərindəki Dostluq evində təşkil olunan tədbirdə diaspor üzvləri və azərbaycanlı tələbələrlə yanaşı, digər xalqların nümayəndələri də iştirak ediblər.

Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən fotosərgi də təşkil olunub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirilib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında danışıb. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından bəhs edib.

Diplomat Xocalıya həsr edilən “Fevral ildırımı” adlı videoklip haqqında danışıb, qardaş Qazaxıstan ictimaiyyətinin Azərbaycan tarixinin faciəli səhifələrinə biganə qalmamasını yüksək qiymətləndirib. Bunun nümunəsi olaraq Qazaxıstanda xalq layihəsi əsasında "Fevral ildırımı" mahnısı yaradıldığını və bu layihənin həyata keçirilməsində məqsədin dünya ictimaiyyətinə Xocalıya ədalət çağırışı etmək olduğunu bildirib.

Klipin nümayişindən sonra Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə layiqli cəzalarını alacaqlarını qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyini ifadə edib.

https://azertag.az/xeber/1252071 

Arxiv üzrə axtarış