Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda Şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il bundan əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısı Qazaxıstanın Astana şəhərində keçirilib. Həmin toplantıda üzv dövlətlərin televiziya və informasiya qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə xeyli iş görülüb. Bugünkü toplantıda da müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir.
Prezidentin köməkçisi qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur. Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq.
Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın.
Prezidentin köməkçisi qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur. Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir.