2020-02-03

Aktauda “Könüllülər ili” çərçivəsində xeyriyyə aksiyası keçirilib

Azərbaycanın Aktaudakı Baş Konsulluğu həmyerli gənclərimizin iştirakı ilə xeyriyyə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, xeyriyyə aksiyası “Könüllülər ili” çərçivəsində Azərbaycanda keçirilən Gənclər Günü münasibətilə təşkil olunub.

Aksiya çərçivəsində Aktauda yerləşən “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan 32 az yaşlı və yetkinlik yaşına çatmamış uşaqlar “Astana” ticarət əyləncə mərkəzinə dəvət olunublar.

Baş Konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov aksiya iştirakçılarına ölkəmizdə bu ilin “Könüllülər ili” elan edilməsindən, Gənclər Gününün tarixindən və hər zaman gənclərə göstərilən diqqət və qayğıdan söz açıb.

İki ölkə arasında dostluq münasibətindən danışan E. Məmmədov, gənclərə yaxşı oxumağı tövsiyə edib.

Aksiyanın sonunda, Baş Konsulluğun və gənclərin adından uşaqlara hədiyyələr təqdim olunub.

“Ailə tipli regional uşaq kəndi”ndə yaşayan və çalışan müəllim heyəti Baş Konsulluğa aksiya üçün öz dərin təşəkkürlərini bildirıb.

Arxiv üzrə axtarış