Uralskda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycanın Aktaudakı baş konsulluğu Qərbi-Qazaxıstanın Uralsk şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Birlik” milli-mədəni cəmiyyəti ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə baş konsul vəzifəsini icra edən Elmar Məmmədov, “Birlik” milli-mədəni cəmiyyətinin üzvləri, Uralsk şəhərində yaşayan azərbaycanlılar, Azərbaycanın və Türkiyənin iş adamları iştirak edib.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən natiqlər bildirib ki, həmin günü milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.
Tədbirin sonunda iştirakçılara 20 yanvar faciəsinə həsr olunmuş “Qara Yanvar” sənədli filmi nümayiş olunub.