2020-02-25

Cari ilin 24 fevral tarixində Baş konsulluq “Novruz” milli-mədəni cəmiyyəti ilə birgə, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi”ndə keçirilmişdir.

Tədbirdə, Baş konsulluğun başçısı v.i.e. E.Məmmədov, “Novruz” milli-mədəni cəmiyyətinin rəhbəri Eldar Əhmədov, cəmiyyətin üzvləri, Azərbaycanın iş adamları, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin müəllimlər heyəti, beynəlxalq iqtisadi münasibətlər fakültəsinin 1-ci kurs tələbələri, Qazaxıstan Xalq Assambleyası İnstitutunun nümayəndələri və ziyalılar iştirak etmişlər.
İlk öncə, Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş edilmişdir.
Filmin nümayişindən sonra Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermiş və ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışmışdır.
Tədbirdə, “Novruz” milli-mədəni cəmiyyətinin rəhbəri Eldar Əhmədov, onun müavini Abbas İmanov və digər iştirakçılar çıxış etmişlər.
Qeyd etmək istərdik ki, Qazaxıstan Xalq Assambleyası İnstitutunun direktoru Kıdıralina Janna Urkinbayevna tədbirdə çıxış edərək, Xocalı şəhərində dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş cinayətin nəticəsindən dəhşətə gəldiyini qeyd edərək, bu hadisəni törədənləri pisləmişdir. O, qardaş Azərbaycan xalqına bu cür hadisələrin təkrarlanmamasını arzu etmişdir.
Tədbirin mədəni hissəsində, Atırau vilayətində yaşayan Qazaxıstan Respublikasının vətəndaşı, milliyətcə azərbaycanlı, X.Dosmuhambetov adına Atırau universitetinin üçüncü kurs tələbəsi, Sarayeva Flora Kəmran qızı çıxış etmişdir. O, Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermiş və Türk dünyasının tanınmış sənətçisi Ozan Arifin “Ya Qarabağ, Ya ölüm” şeirini səsləndirərək, şəhidlərimizin ruhunu bədii üsulla yad etmişdir.
 

Arxiv üzrə axtarış