2021-01-20
Cari ilin 20 yanvar tarixində, Baş konsulluğun təşəbbüsü ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş videokonfrans təşkil olunmuşdur.
Videokonfransda, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım, Özbəkistan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Turqunov Norjan Curabayeviç, Türkmənistanın Aktau şəhərindəki Baş konsulu Muhammetnur Muhammetberdiyeviç Ovezov, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov və Aktyubinsk vilayətində fəaliyyət göstərən Respublika İctimai Birliyinin filialı nəznində “Azərbaycanlılar Birliyi” nin rəhbəri Şahbaz Camalov, habelə Atırau vilayətində fəaliyyət göstərən Novruz” milli-mədəni cəmiyyətinin və Qərbi-Qazaxıstan vilayətində fəaliyyət göstərən “Birlik” milli-mədəni cəmiyyətinin üzvləri, eləcə də Qazaxıstanın Xalqlar Assambleyasının nümayəndələri, Azərbaycanlı iş adamları və tələbələr iştirak etmişlər.
E.Məmmədov videokonfrası açıq elan edərək, 20 yanvar faciəsinin tarixindən və İkinci Dağlıq Qarabağ müharibəsinin Qələbə ilə nəticələnməsi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbirdə, Türkiyə Respublikasının Baş konsulu M.Akyıldırım, Özbəkistan Respublikasının Baş Konsulu N.Turqunov və Türkmənistanın Baş konsulu M.Ovezov çıxış edərək, Azərbaycan Respublikasına hər zaman dəstək olduqlarını, qardaş ölkənin daim yanında olacağını və 20 yanvar faciəsini pisləyərək, mülki əhalinin qətli ilə bağlı Azərbaycan xalqına baş sağlığı vermişlər. Habelə çıxışlarında, İkinci Dağlıq Qarabağ müharibəsində əldə etdiyimiz parlaq qələbə münasibətilə təbriklərini çatdırmış, şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Bununla yanaşı, tədbirdə, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Ş.Hüseynov, “Azərsun Logistika və İstehsalat Mərkəzi”nin direktoru Ə.F.Muradov, icmalarımızın nümayəndələri, habelə tələbələr çıxış etmişlər. Bu xüsusda, videokonfrans zamanı, müxtəlif məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.