2021-02-18
Cari ilin 17 fevral tarixində Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Aktau şəhərində fəaliyyət göstərən “Mangistau Media” xəbərlər qrupunun rəhbəri Aysulu Kabışovna Dutbayeva ilə “Mangistau Media” qrupunun inzibati binasında görüş keçirmişdir.
İlk öncə, A.Dutbayevaya ağır iş qrafikasına baxmayaraq görüşün keçirilməsinə razılıq verdiyi üçün dərin təşəkkür bildirilmişdir.
Görüş zamanı, Baş konsulluq və “Mangistau Media” qrup arasında sıx əməkdaşlığın vacib olduğunu, əhaliyə düzgün və rəsmi məlumatların çatdırılması, Baş konsulluq tərəfindən keçirilən müxtəlif tədbirlərin mətbuatda yayımlanması və digər məsələlərdə əməkdaşlıq etməsi barədə razılıq əldə olunmuşdur.
Söhbət zamanı, A.Dutbayeva Azərbaycan və Qazaxıstan bir kökə, adət-ənənəyə, habelə bir tarixə malik olan xalqlar olduğunu və bununla yanaşı, Azərbaycan xalqına dərin hörmət bəslədiyini vurğulayaraq, onlar tərəfindən Azərbaycanda baş verən mühüm hadisələr barədə rəhbərlik etdiyi “Mangistau Media” qrupunun rəsmi internet səhifəsində, həmçinin çapa verilən qəzetlərdə yayımlanmasının təmin ediləcəyini bildirmişdir.
Rəsmi görüşdən sonra, E.Məmmədov “Mangistau Media” qrupunda fəaliyyət göstərən şöbələri, habelə iş prosesi ilə yaxından tanış olmuşdur. Bu xüsusda, simvolik olaraq çapa verilən növbəti qazetdə E.Məmmədov redakt və müvafiq imza ilə onu təsdiq etmək şərəfinə layiq görülmüşdür.
Məlumat üçün bildirmək istərdik ki, “Mangistau Media” qrupunun vilayətdə yayımlanan qəzetləri «Огни Мангистау», «Мангистау», «Жанаозен», «Жана Омир», «Рауан», «Аккетик арайы», «Каракия» və «Мунайлы»-dan ibarətdir.
Əlavə olaraq bildiririk ki, “Mangistau Media” qrupu cari ilin 10 yanvar tarixində Qazaxıstan Respublikasında keçirilən parlament seçkilərini işıqlandırmış və bununla bağlı, A.K.Dutbayeva Mərkəzi seçki konmissiyası tərəfindən Fəxri fərmana layiq görülmüşdür. Həmin fərmanı ona şəxsən təqdim etmək məqsədilə, “Mangistau Media” qrupuna Mangistau vilayətinin Mərkəzi Seçkilər komissiyasının sədri, “Karajanbasmunay”-ın vitse prezidenti Askar Kiikbayeviç Rzaxanov təşrif buyurmuşdur. Bu xüsusda bildirmək istədik ki, A.K.Rzaxanovu Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin fəal üzvü, seçki komissiyasının eksperti Seyfi Fəxrəddin oğlu Səlimov müşayiət etmişdir.
Daha sonra, “Mangistau Media” qrupunun jurnalistləri, habelə həmin qrupun digər peşə sahibləri ilə də görüş keçirilmişdir.
Görüş zamanı, E.Məmmədov Qazaxıstan Respublikasının Müstəqillik gününün 30-cu (otuz) ildönümü ilə bağlı “Mangistau Media”ın əməkdaşlarını təbrik etmiş, Azərbaycan-Qazaxıstan arasında olan yüksək münasibətlərdən qısa məlumat vermiş, habelə hər kəsə işlərində uğurlar arzu etmişdir. Bununla yanaşı, A.K.Rzaxanov A.K.Dutbayevaya Fəxri Fərmanı təqdim edərək, Mangistau vilayətinin Mərkəzi seçki komissiyasının adından gördüyü işlərə görə dərin təşəkkür bildirmişdir.