2021-02-26

2021-ci ilin 26 fevral tarixində, Qazaxıstan Respublikasının Aktyubinsk vilayətində fəaliyyət göstərən “Azərbaycanlılar Birliyi” tərəfindən Aktöbe şəhərində yerləşən mədəni mərkəzlərdən birində, Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə bağlı tədbir keçirilmiş və etnik-mədəni cəmiyyətimizin üzvləri, gənclərimiz, habelə iş adamları həmin tədbirə qoşulmuşlar.

Tədbirdə, “Azərbaycanlılar Birliyi”-nin rəhbəri Şahbaz Camalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında ətraflı məlumat vermişdir. Bununla yanaşı, diaspora üzvləri də çıxış etmişlər. İştirakçılar, ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı və Azərbaycana qarşı aparılan siyasətləri pisləmişlər.

Şəhidlərimizin ruhuna yasin oxunmuş və diasporamız tərəfindən tədbir iştirakçılarına ehsan verilmişdir.

Cari ilin 27 fevral tarixində isə, Qazaxıstan Respublikasının Aktyubinsk vilayətində yerləşən Qazaxıstan Xalqlar Assambleyasının inzibati binasında diasporamızın təşkilatçılığı və E.Məmmədovun təşəbbüsü ilə Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.

İlk öncə, Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik haqqında ətraflı məlumat vermiş, bu xüsusda tədbirdə iştirak edən gənc nəslin ölkələrimizin şanlı tarixini öyrənmələrinin, dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsini daim uca tutmalarının vacibliyini vurğulamışdır.

Çıxış edənlər bu cinayətin cəzasız qalmaması, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsi üçün daha təsirli tədbirlərin görülməsinin və bu istiqamətdə müxtəlif addımların atılmasının vacib olduğunu bildirmişlər.

Görüş zamanı, vətəndaşlarımız və soydaşlarımız ilə müxtəlif mövzulara da toxunularaq, fikir mübadiləsi aparılmış, habelə konsulluq məsələlərinə dair tərəfimizdən hüquqi məsləhətlər verilmişdir.

Arxiv üzrə axtarış