2021-03-19

Hörmətli həmvətənlər,

Bildiririk ki, Baş konsulluq Aktau şəhərində yaşayan iş adamı, Azərbaycanlıların icmasının fəal üzvü Tengiz Məmmədov ilə birlikdə Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində yaşayan tənha və yaşlılar üçün cari ilin 17 mart tarixində xeyriyyə aksiyası keçirmişdir.
Qeyd etmək istərdik ki, aksiya Aktau şəhərində fəaliyyət göstərən “Atırau” restoranında keçirilmişdir. Onuda qeyd etmək istərdik ki, aksiyanın keçirilməsində Baş konsulluğa “Evlərdə sosial xidmətlər göstərilməsi üçün Mərkəz” adlı Dövlət təşkilatı şərait yaratmışdır.
Aksiya zamanı, E.Məmmədov qonaqları salamlayaraq, Azərbaycanın tarixi və milli-mənəvi dəyərlərindən biri olan Novruz Bayramı barədə danışmış, habelə bayramın adət-ənənələri barədə də bəhs etmişdir. O, hər kəsi Novruz bayramı münasibətlə təbrik edərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və onun siyasətini bu günədək uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kimsəsiz qocalara, tənha qalanlara, valideyinsiz qalan uşaqlara və müxtəlif həyat çətinlikləri ilə üzləşən insanlara Azərbaycanın Dövlət təşkilatlarının qarşısına qoymuş siyasətin əsas prioritetlərindən biri, onlara hər zaman yardım göstərilməsi, eləcə də qayğı ilə yanaşma prinsipi olduğunu vurğulamışdır. Bununla yanaşı çıxış zamanı, E.Məmmədov qonaqları bayram münasibətilə təbrik edərək, iş adamı Tengiz Məmmədova bu cür tədbirin keçirilməsinə şəraitin yaradılmasında köməklik göstərdiyi üçün Baş konsulluğun adından öz təşəkkürünü bildirmişdir.
Bu xüsusda qeyd etmək istərdik ki, “Evlərdə sosial xidmətlər göstərilməsi üçün Mərkəz”in məsul nümayəndəsi və qonaqlar çıxış edərkən, Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu cür tədbirin keçirilməsinə görə isə Baş konsulluğa təşəkkürlərini bildirmişlər.
Tədbirdə, Azərbaycan xalq mahnıları səslənmiş, habelə Azərbaycan mətbəxindən müxtəlif növ kəbablar, yarpaq dolması, göyərtili və ətli qutablar, şah plov, o cümlədən, milli şirniyyatlar təqdim olunmuşdur.
Bayramınız Mübarək olsun!

Arxiv üzrə axtarış