2021-05-27

2021-ci ilin 7 may tarixində Baş konsulluğun təşkilatçılığı ilə Mangistau vilayətinin Səhiyyə üzrə departamenti ilə “Referans Medical Group” arasında videoformatlı görüş keçirilmişdir.

Görüşdə, Azərbaycan tərəfindən Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, “Referans Medical Group “-un baş direktorunun müavini Rövşən Vəliyev, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, Qazaxıstan Respublikası tərəfindən isə, Mangistau vilayətinin Səhiyyə departamentinin rəisi v.i.e. Ləzzat Kayırbayevna Yesenqaliyeva və departamentin baş mühasibi Mədinə Kulumbetovna Rspamaqambetova iştirak etmişlər.
Görüşü E.Məmmədov açıq elan edərək, iştirakçıları salamlamış və Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikasının səhiyyə münasibətlərinin gücləndirilməsi üçün lazımi tədbirlərin görülməsinin vacib olduğunu vurğulamışdır. O, çıxış zamanı, Azərbaycan Respublikasında ölkə rəhbərliyi tərəfindən aparılan səhiyyə üzrə islahatlar barədə qısa məlumat vermiş, eləcə də karantin rejiminə baxmayaraq, xüsusilə epidemioloji vəziyyəti nəzərə alaraq, bu cür əlaqələrin möhkəmlənməsi istiqamətində lazımi işlərin aparılmasının vacib olduğunu vurğulamışdır.
Daha sonra, “Referans Medical Group “-un baş direktorunun müavini Rövşən Vəliyev iştirakçıları salamlayaraq, Azərbaycanda fəaliyyət göstərən “Referans Medical Group”-un (Klinik Laboratoriya Mərkəzi) yaranma tarixi, eləcə də şirkət tərəfindən gördükləri işlər barədə məlumat vermişdir. O, Qazaxıstan Respublikasında, o cümlədən Mangistau vilayətində nəzərdə tutulan görüləcək işlər barədə də qarşı tərəfə məlumat verərək, bununla bağlı, şirkətin filialının ilk olaraq Mangistau vilayətində fəaliyyətə başlanılmasına maraq göstərdiklərini bildirmişdir. R.Vəliyev öz çıxışında bütün tələb olunan lazımi addımların atılması üçün, departamentdən öz fikirlərini paylaşmağını, habelə tövsiyyələrin verilməsini xahiş etmişdir.
Görüşdə, Mangistau vilayətinin Səhiyyə departamentinin rəisi v.i.e. Ləzzat Kayırbayevna Yesenqaliyevada eyni iştirakçıları salamlayaraq, tibb müəssisələrinə, xüsusilə yeni və müasir laboratoriyalara böyük ehtiyac olduğunu bildirmişdir. . O, departament tərəfindən səhiyyə üzrə Azərbaycanlı iş adamlarının vilayətdə hər-hansı layihənin həyata keçirilməsində müxtəlif yardımların göstərəcəyini də xüsusilə vurğulamışdır. Bu xüsusda, departament adından qarşı tərəfə tövsiyyələr verilmişdir.
Görüş, dostluq şəraitində keçirilmiş və tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış