Cari ilin 17 may tarixində Baş konsulluğun təşkilatçılığı altında Qazaxıstan Respulikasının Mangistau vilayətinin Aktau şəhər Akimi Nurdualet İgilikulı Kilibay ilə Aktau Akimatlığının inzibati binasında üçtərəfli görüş keçirilmişdir.
Görüşdə, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, Caspian Servis" MMC-nin İdarə Heyətinin sədri, Qazaxıstanda “Azərbaycan Ticarət evi”nin təsisçisi Rəhim Ələddin oğlu Sultanov və Aktau şəhər Akimi Nurdualet İgilikulı Kilibay iştirak etmişlər.
Görüşdə ilk öncə, E.Məmmədov N.İ.Kılıbaya qısa zaman ərzində görüşün keçirilməsinə şərait yaratdığı üçün dərin təşəkkürünü bildirmişdir.
N.İ.Kılıbay öz tərəfindən E.Məmmədovu və R.Sultanovu salamlayaraq, Aktau şəhərində fəaliyyət göstərən və göstərəcək iş adamlarına hər zaman dəstək olduğunu və şəhər akimatlığı tərəfindən müxtəlif məsələlərdə, eləcə də hər hansı çətinlik yarandığında yardım göstərəcəyini vurğulamışdır.
Daha sonra, R.Sultanov cari ilin payız aylarında nəzərdə tutulmuş “Azərbaycan Ticarət evi”nin açılacağını, aparılacaq ümumi işlərdən və ticarət evinin yerləşdiyi yerdən söhbət açmışdır. Bununla yanaşı, Aktau şəhərində nəyinki “Azərbaycan Ticarət evi” barədə, eləcə də Azərbaycanlı iş adamlarının, habelə Aktau şəhərində maraq göstərə biləcəyi və nəzərdə tutulan digər işlər barədə də ümumi məlumat vermişdir.