Cari ilin 25 may tarixində Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində “Azərbaycan Ticarət evi”nin açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Qazaxıstan Respublikasının Energetika Nazirinin müavini Aset Maqaumov, Caspian Servis" MMC-nin İdarə Heyətinin sədri, Qazaxıstanda “Azərbaycan Ticarət evi”nin təsisçisi Rəhim Sultanov, hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar, akkreditə olunan diplomatik korpusun rəhbərləri və mətbuat nümayəndələri iştirak etmişlər.
Bununla yanaşı bildiririk ki, “Azərbaycan Ticarət Evi”nin açılışını video görüntü ilə birbaşa izləmək məqsədilə “Caspian Energy Club” şirkəti şərait yaratmışdır.
Video formatlı görüşdə, “Caspian Energy Club” şirkətinin sədri və baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri Serik Primbetov və digər rəsmilər, eləcə də iş adamları iştirak etmişlər.
Onlayn görüşdə, T.Əliyev çıxış edərək, “Azərbaycan Ticarət evi”nin açılışından gözlənilən xüsusiyyətlərdən söz açmış və tədbir iştirakçılarını bu münasibətilə təbrik etmişdir. Daha sonra, E.Məmmədov çıxış edərək, Azərbaycanın yüksək keyfiyyətli mallarının Qazaxıstanda satılması, iki ölkə arasında ticarət dövriyyəsinin daha da yüksəlməsinə təkan olacağını bildirmiş və bu xüsusda Aktau şəhərində açılacaq “Azərbaycan Ticarət evi”nin yerli əhali tərəfindən səbirsizliklə gözlənildiyini vurğulamışdır.
Tədbirdə, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri Serik Primbetov öz çıxışında “Azərbaycan Ticarət evi”nin açılışı munasibətilə iştirakçıları təbrik etmişdir. O, xüsusi olaraq Azərbaycan xalqını Vətən müharibəsində əldə etdiyi Qələbə münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və yaxın gələcəkdə Azərbaycanın Mədəni paytaxtı olan Şuşa şəhərinə getmək istədiyini vurğulamışdır.
Onlayn tədbirdə, digər iştirakçılar da çıxış edərək təbriklərini çatdırmış, eləcə də “Azərbaycan Ticarət evi”nin işlərində uğur və müvəffəqiyyətlər arzu etmişlər.