Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronovirus infeksiyası (COVİD-19) ilə bağlı, Qazaxıstan və Azərbaycan ərazisində koronovirusun yayılmasının qarşısının alınması məqsədilə Baş konsulluq tərəfindən nəzərdə tutulmuş tədbirlər təxirə salınmış və ya onlayn rejiminə keçirilmişdir.
Bununla bağlı, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə, “28 may - Respublika Günü”nün yaranma tarixinin 103-cü ildönümünə həsr olunmuş video formatlı tədbir keçirilmişdir.
Xüsusilə qeyd etmək istərdik ki, Baş konsulluq tərəfindən keçirilmiş tədbir konsulluq dairəsini əhatə etmişdir. Belə ki, Baş Konsulluğun konsulluq dairəsində yerləşən, Aktyübinsk, Atırau, Qərbi-Qazaxıstan və Mangistau vilayətlərinin Akim (icra başçısı) müavinlərinin iştirakı ilə adı çəkilən tədbir baş tutmuşdur. Onuda qeyd etmək istərdik ki, konsulluq dairəsində bütün vilayət rəhbərliyi ilə bir yerdə keçirilən ilk tədbir olmuşdur. Əlavə olaraq bildiririk ki, tədbir Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun başçılığı ilə keçirilmişdir.
Bununla belə tədbirdə, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, Aktyubinsk vilayətinin Akim müavini, Bülbül Orakovna Yeleusinova, Atırau vilayətinin Akim müavini, Nariman Baxıtoviç Tauşov, Qərbi-Qazaxıstan vilayətinin Akim müavini Bakıtjan Xaberoviç Narımbetov, Mangistau vilayətinin Akim müavini Nurlıbay Karjaubayeviç Akkulov, Aktyübinsk vilayətində fəaliyyət göstərən “Azərbaycanlılar Birliyi”nin, Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-icmasının, Qərbi-Qazaxıstan vilayətində fəaliyyət göstərən “Birlik” milli-icmasının, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-icmasının rəhbərliyi və üzvləri, Aktau vilayətində fəaliyyət göstərən diplomatik korpusun rəhbərliyi, ziyalılar və mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov konfrans iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmişdir. E.Məmmədov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü ölkəmizdə Vətən müharibəsində qazandığımız qələbə və torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirərək, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasını, sentyabrın sonunda başlamış 44 günlük müharibədə ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edildiyini fəxr hissi ilə vurğulamışdır. O, konsulluq dairəsində yerləşən diasporlarımızla Akimatlığın birgə işləri, eləcə də yüksək səviyyədə olan münasibətləri qiymətləndirmiş və vilayət rəhbərlərinə öz təşəkkürünü bildirmişdir.
Daha sonra, Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışmışdır. Səfir, Azərbaycan ilə Qazaxıstan arasındaki əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və yelbaşı Nursultan Nazarbayevin mühüm xidmətləri olmasından və hal-hazırda bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyindən söhbət açmışdır. O, Xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən danışmış, həmçinin Azərbaycan və Qazaxıstanı tarixi köklərimiz və mədəniyyətimizdən başqa, mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafına olan inam və cəhd birləşdirdiyini qeyd etmişdir. Bu xüsusda, ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin səmərəli əməkdaşlıqla davam edəcəyini bildirən səfir, Nur-Sultan şəhərində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin açılışından və yaxın zamanda Aktauda da filialının açılacağından söhbət açmışdır.
Tədbir zamanı, yuxarıda qeyd edilən və konsulluq dairəsində yerləşən vilayətlərin Akim müavinləri ayrı ayrılıqda çıxış etmişlər. Onlar, vilayətlərdə yaşayan soydaşlarımızın mədəni, iqtisadi və digər mühüm sahələrdə olan müsbət rollarından söz açmışlar. Bununla yanaşı, vilayətlərdə mövcud olan iqtisadi və siyasi vəziyyətdən məlumat verilmişdir. Sonda, “28 may - Respublika Günü” münasibətilə Qazaxıstan rəsmiləri Azərbaycan xalqını təbrik etmişlər.
Bununla yanaşı, vilayətlərdə fəaliyyət göstərən diaspora nümayəndələrimiz və Aktau şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları da çıxış edərək öz təbriklərini çatdırmışlar.
Görüş, dostluq şəraitində keçirilmiş və tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır.