Cari ilin 17-20 iyun tarixlərində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsində yerləşən Atırau vilayətində səyyar konsul qəbullarının və orada fəaliyyət göstərən “Novruz” milli-mədəni cəmiyyəti ilə görüşlərin keçirilməsi məqsədilə Baş konsulluğun başçısı vəzifəsini icra edən Elmar Məmmədov ezam olunmuşdur.
Görüş, Atırau vilayətində yaşayan və çalışan Qazaxıstan Respublikası vətəndaşlarının (diaspora üzvləri), eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının yaranan müxtəlif çətinliklərinin aşkar edilməsi, araşdırılması və bu istiqamətdə lazımi tədbirlərin görülməsi məqsədini daşıyırdı.
Bildiyiniz kimi, Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-mədəni cəmiyyəti 2000-ci ildə azərbaycanlılar tərəfindən yaradılmış və hazırda cəmiyyətə Qazaxıstan Respublikasının vətəndaşı, əslən azərbaycanlı olan Əhmədov Eldar rəhbərlik etməkdədir.
Görüşdə, “Novruz” milli-mədəni cəmiyyətinin üzvləri və Azərbaycan Respublikasının vətəndaşları iştirak etmişlər.
Söhbət zamanı, E.Məmmədov tərəfindən vətəndaşlara ümumvətəndaş pasportların, doğum, ölüm haqqında və digər şəhadətnamələrin, vizaların, müxtəlif arayışların verilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir.
Bununla yanaşı, dünyada elan edilmiş koronovirus infeksiyası olan “COVİD-19” ilə bağlı, dövlət sərhədlərinin bağlı olduğu, karantin rejimi ilə bağlı tətbiq olunan müxtəlif qadağalar və bu xüsusda, Baş konsulluq tərəfindən Mərkəzə göndərilən sorğuların cavabları, eləcə də pasport və s. sənədlərin gec göndərilməsinin səbəbləri barədə müzakirələr aparılmışdır. Görüş zamanı, dövlət sərhədlərində mövcud olan məhdudiyyətlər ilə bağlı, milliyətcə azərbaycanlı olan Qazaxıstan Respublikasının vətəndaşlarına Azərbaycana getmələri üçün lazımi qaydalar və tələblər barədə də məlumat verilmişdir.
Sonda, koronovirus infeksiyası olan “COVİD-19”un insanlara vurduğu zərbə, bununla yanaşı koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə dövlətimiz tərəfindən aparılan işlər barədə qısa məlumat verilmiş və görüş iştirakçıları tərəfindən yaxın gələcəkdə tam olaraq bu xəstəliyin aradan qaldırılması arzu olunmuşdur.