2021-09-28

Azərbaycan Respublikasının Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli müvafiq Sərəncamını rəhbər tutaraq, Baş konsulluq tərəfindən Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni icmamız ilə birlikdə Aktau şəhərində Anım Gününə dair tədbir keçirilmişdir.

Tədbir, Aktau şəhərində yerləşən mədəni ocaqların birində keçirilmişdir. Mərasimdə, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov,  “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım, İran İslam Respublikasının Baş konsulu Habibolla Malakuti Far, Özbəkistan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun nümayəndəsi, Azərbaycanın iş adamları və yerli ziyalılar iştirak etmişlər.

Mərasimi E.Məmmədov açıq elan edərək, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətini iştirakçılara oxumuşdur. Daha sonra, “Dostluq” milli-mədəni icmamızın rəhbəri Şəmsədin Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə parlaq qələbənin əldə edilməsi və onun nəticələri barədə söz açmışdır.

Daha sonra,  Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım çıxış etmiş və türk xalqını, eləcə də Baş konsulluğun adından şəhidlərimizə rəhmət diləmiş və Azərbaycanın uğuru bütün türk xalqlarının uğuru olduğunu vurğulamışdır. Bununla yanaşı, İran İslam Respublikasının Baş konsulu Habibolla Malakuti Far çıxış edərək, Azərbaycan xalqına baş sağlığı vermiş, şəhidlərin ruhuna dua oxumuş, eləcə də İran İslam Respublikasının höküməti Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını vurğulayaraq, Qarabağ Azərbaycandır ifadəsi ilə çıxışını bitirmişdir.

Şəhidlərimizin ruhları bir dəqiqəlik sükut ilə yada salınmış və yasin oxunmuşdur. Tədbir iştirakçılarına ehsan verilmişdir.

Arxiv üzrə axtarış