2021-10-15

Cari ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə, “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş video formatlı tədbir keçirilmişdir.

Bununla belə tədbirdə, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, Qərbi-Qazaxıstan vilayətinin Akim müavini Bakıtcan Xaberoviç Narınvetov, Mangistau vilayətinin Akim müavini Bekbol Tiliumuratoviç Orınbasarov, Atırau vilayət Akimatlığının rəsmi nümayəndəsi, Qərbi-Qazaxıstan vilayətində fəaliyyət göstərən “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov, Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-icmasının rəhbəri Qərib Qəribov, Qərbi-Qazaxıstan vilayətində fəaliyyət göstərən “Birlik” milli-icmasının rəhbəri Nəcəf Məmmədov, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-icmasının rəhbər Şəmsəddin Hüseynov və qeyd edilən icmalarımızın üzvləri, Aktau vilayətində fəaliyyət göstərən diplomatik korpusun rəhbərliyi - Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım, Türkmənistanın Aktau şəhərindəki Baş konsulu Muhammetnur Muhammetberdiyeviç Ovezov, Mangistau və İran İslam Respublikasının Aktau şəhərindəki  Baş konsulu Habibolla Malakuti Far, eyni zamanda ziyalılar və mətbuat nümayəndələri iştirak etmişlər.

Xüsusilə qeyd etmək istərdik ki, Baş konsulluq tərəfindən keçirilmiş tədbir konsulluq dairəsini əhatə etmiş, lakin Aktyubinsk vilayət Akimatlığının nümanədələrinin iştirakı texniki səbəbdən mümkün olmamışdır.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov konfrans iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmişdir. E.Məmmədov bu il “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünü, ölkəmizdə Vətən müharibəsində qazandığımız qələbə və torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirərək, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasını, sentyabrın sonunda başlamış 44 günlük müharibədə ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edildiyini fəxr hissi ilə vurğulamışdır.

O, konsulluq dairəsində yerləşən diasporlarımızla Akimatlığın birgə işləri, eləcə də yüksək səviyyədə olan münasibətlərini qiymətləndirmiş və vilayət rəhbərlərinə öz təşəkkürünü bildirmişdir. E.Məmmədov çıxış zamanı, Azərbaycan ilə Qazaxıstan arasındaki əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və yelbaşı Nursultan Nazarbayevin mühüm xidmətləri olmasından və hal-hazırda bu münasibətlərin  Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyindən söhbət açmışdır. O, Xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən danışmış, həmçinin Azərbaycan və Qazaxıstanı tarixi köklərimiz və mədəniyyətimizdən başqa, mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafına olan inam və cəhd birləşdirdiyini qeyd etmişdir. Bu xüsusda, ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin səmərəli əməkdaşlıqla davam edəcəyini vurğulamışdır.

Tədbir zamanı, yuxarıda qeyd edilən və konsulluq dairəsində yerləşən vilayətlərin Akim müavinləri ayrı-ayrılıqda çıxış etmişlər. Onlar, vilayətlərdə yaşayan soydaşlarımızın mədəni, iqtisadi və digər mühüm sahələrdə olan müsbət rollarından söz açmışlar. Bununla yanaşı, vilayətlərdə mövcud olan iqtisadi və siyasi vəziyyətdən məlumat verilmişdir. Sonda, “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” “münasibətilə Qazaxıstan rəsmiləri Azərbaycan xalqını təbrik etmişlər.

Bununla yanaşı, vilayətlərdə fəaliyyət göstərən diaspora nümayəndələrimiz və Aktau şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları da çıxış edərək öz təbriklərini çatdırmışlar.

Görüş, dostluq şəraitində keçirilmiş və tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış