Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun konsulluq dairəsində yerləşən Atırau və Qərbi-Qazaxıstan vilayətlərində "Zəfər Günü"nə dair tədbirlər keçirilmişdir.
Bununla belə, cari ilin 8 noyabr tarixində Baş konsulluq, Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-icmamız, cari ilin 10 noyabr tarixində isə Uralsk şəhərində fəaliyyət göstərən “Birlik” milli-icmamız ilə birlikdə “Zəfər Günü”nə həsr olunmuş tədbirlər təşkil olunmuşdur.
Beləliklə, hər iki tədbirdə ilkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycan uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra şanlı Qələbəmizə həsr olunmuş video-çarx tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirlərdə E.Məmmədov ilə yanaşı, Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-icmasının rəhbəri Qərib Qəribov, Qərbi-Qazaxıstan vilayətində fəaliyyət göstərən “Birlik” milli-icmasının rəhbəri Nəcəf Məmmədov, yerli ziyalılar, Atırau şəhərində rusların, Uralsk şəhərində isə çeçenlərin icma rəhbərləri, icma üzvləri və s. qonaqlar çıxış etmişlər.
Tədbirdə E.Məmmədov çıxış edərək, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladığını bildirmişdir. O, Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Elbaşı - Nursultan Nazarbayevin mühüm xidmətlərini və hazırda bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam edildiyini də xüsusilə vurğulamışdır.
Bununla yanaşı çıxış edənlər, Qələbə sevinclərini bölüşərək, dünyada yaşayan azərbaycanlıları “Zəfər Günü” münasibətilə təbrik etmişlər. Onlar, Ali Baş Komandanın müdrik xarici və daxili siyasətindən danışmış, müzəffər ordumuza isə hər zaman güc sahibləri olmasını diləmişlər.
Tədbirlər şən keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.