2021-12-28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında imzaladığı Sərəncama istinadən, 2021-ci ilin 28 dekabr tarixində, Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində fəaliyyət göstərən “Murat Oskinbayev adına Mangistau Vilayət Filarmoniyası”nda “Nizami Gəncəvinin 880-ci ildönümü”nə həsr olunmuş simfonik konsert keçirilmişdir.

Qeyd etmək istərdik ki, konsert “Murat Oskinbayev adına Mangistau Vilayət Filarmoniyası”nın nəznində fəaliyyət göstərən “Kiçik simfonik orkestr” ilə birlikdə təşkil olunmuşdur.

Konsertdə, Üzeyir Hacibəylinin “Sevgili canan” qəzəl-romansından və Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar ifa olunmuşdur. Onuda qeyd etmək istərdik ki, musiqi sədaları altında qızıl fondumuzdan götürülmüş “Yeddi gözəl” (yeddi gözələ dair ayrı ayrılıqda) baletindən video çarxlar nümayiş olunmuşdur.

Konsertdə, Mangistau vilayətinin Akimi Nurlan Noqayev, akim müavinləri, Akimat aparatının rəhbərliyi və əməkdaşları, Mangistau vilayət Maslixatının (vilayət məclisi) sədri Tumışev Nuri Lazaroviç, diplomatik korpus, Ş.Yesenov adına Universitetin rektoru Berik Baxıtjanoviç Axmetov, universitetin müəllim heyəti və tələbələr, Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in müəllim heyəti, vilayətdə fəaliyyət göstərən müxtəlif milli-icmaların rəhbərləri, azərbaycanlılar və yerli ziyalılar iştirak etmişdir.

Konsertdə Mangistau vilayətinin Akimi Nurlan Noqayev və Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov da çıxış etmişlər.

İlk öncə söz, Nurlan Noqayevə verilmişdir. O, çıxış zamanı Azərbaycan və Qazaxıstan arasında olan yüksək siyasi və iqtisadi münasibətlərdən söz açmış, bununla yanaşı iki qardaş xalqın liderləri olan Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışmışdır. N.Noqayev çıxışını davam edərək, dahi yazıçı Nizami Gəncəvinin 880-ci ildönümünə həsr edilmiş konsert məhz Aktau şəhərində keçirildiyi üçün qürur duyduğunu, eyni zamanda Nizami Gəncəvi nəyinki Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının dahi şairi olduğunu vurğulamışdır.

Daha sonra, söz E.Məmmədova verilmişdir. O, çıxış zamanı, N.Noqayevə konsertdə iştirak etdiyi üçün dərin təşəkkürünü bildirmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında imzaladığı Sərəncama istinadən, Mangistau vilayətində görülmüş işlər barədə konsert iştirakçılarına məlumat vermişdir (“Aqtau TV”də Nizami Gəncəviyə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi). Bununla yanaşı, 2020-ci ildə Bakı şəhərində Qazaxıstan xalqının dahi yazıçısı Abay Kunanbayevin 175-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi, 2021-ci ildə isə bütün Qazaxıstanda, o cümlədən ilin sonunda Nursultan şəhərində Nizami Gəncəvinin əsərlərinin qazax dilinə tərcüməsi ilə bağlı keçirilmiş dəyirmi masa və nəticə etibarı ilə, Azərbaycan və Qazaxıstan xalqları arasında nəyin ki siyasi və iqtisadi, o cümlədən mədəni əlaqələrin yüksək səviyyədə olduğunu da vurğulamışdır. Çıxış zamanı, E.Məmmədov zalda iştirak edən bütün Azərbaycanlıları “Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü“ münasibətilə də təbrik etmişdir.

 

Arxiv üzrə axtarış