2024-01-19

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı 19 yanvar 2024-cü il tarixində Baş Konsulluqda anım tədbiri keçirilmişdir.

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı 19 yanvar 2024-cü il tarixində Baş Konsulluqda anım tədbiri keçirilmişdir. Tədbirdə 50-ə yaxın çox qonaq iştirak etmiş,onlar arasında Mangistau vilayətində yaşayan Azərbaycan icmasının fəalları, iş adamları, Azərbaycanlı gənclər, tələbələr olmuşdur.

Tədbirdə ilk öncə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra qanlı yanvar faciəsindən ətraflı məlumat verərək, faciənin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusunun bölmələri tərəfindən Bakı, Sumqayıt şəhərlərində, eləcə də Lənkəran və Neftçala rayonlarında dinc əhaliyə o cümlədən qadınlara, qocalara, uşaqlara qarşı amansız divan tutularaq, qanlı qətliam törədildiyi və 150 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilmişdir. Xalqımıza qarşı törədilmiş bu qanlı qətliamın milli azadlıq hərəkatını boğmaq məqsədi daşıdığı və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu qeyd olunmuşdur. Faciədən dərhal sonra, Ümummilli Lider cənab Heydər Əliyevin ailə üzvləri ilə birlikdə  Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Azərbaycan xalqına həmrəylik nümayiş etdirdiyi, Mixayıl Qarbaçov başda olmaqla SSR-i rəhbərliyini faciəni törədilməsində günahlandırıldığı, törədilmiş bu qətliam kəskin pislənilərək ona siyasi-hüquqi qiymətin verilməsinin, cinayətkarların cəzalandırılmasının tələb edildiyi və etiraz əlaməti olaraq kommunist partiyasının sıralarını tərk etməsi ilə bəyanat verdiyi qeyd edilmişdir. 20 Yanvar Faciəsinin xalqımızın mübarizə əzmini qırmadığı, milli kimliyimizin formalaşmasına təsir göstərdiyi və dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsi yaratdığını qeyd edilmişdir. Faciəyə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclisin qərarı ilə verildiyi və 20 yanvar hadisəsinin “Ümumxalq Hüzn” günü kimi qəbul edildiyini bildirmişdir. Faciənin hər il xalqımız tərəfindən izdihamla qeyd edildiyi və şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanmışdır.

 Sonra  Mangistau vilayəti üzrə Azərbaycan icmasının  rəhbəri Şəmsəddin Hüseynov, icma Ağsaqqaları Yusif Quliyev, Zakir Əkbərov, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov və   digər tədbir iştirakçıları çıxış edərək,  faciə ilə bağlı fikirlərini, xatirələrini bölüşmüş və qanlı yanvar hadisənin xalqın mübarizlik əzmini qırmadığını, əksinə  azadlıq və müstəqillik yolunda xalqın birliyinin formalaşdırdığını bildirmişlər.

Sonda qonaqların iştirakı ilə  Baş Konsulluğun foyesində təşkil olunmuş foto sərgiyə baxış keçirilmişdir.

Sözügedən tədbir yerli KİV-də işıqlandırılmışdır.

Arxiv üzrə axtarış