2024-cü ilin 29 mart tarixində “Azərbaycanlıların Soyqırımı Günü”nün 106-cı ildönümü ilə bağlı Baş Konsulluqda anım tədbiri keçirilmişdir.
2024-cü ilin 29 mart tarixində “Azərbaycanlıların Soyqırımı Günü”nün 106-cı ildönümü ilə bağlı Baş Konsulluqda anım tədbiri keçirilmişdir. Tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun kolektivi, Azərbaycanlı iş adamları, icma fəalları, gənclər iştirak etmişdir. İlk öncə faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra xalqımıza qarşı 1905-1907, 1918-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan, soyqırım aktlarından və tarixi həqiqətlərdən ətraflı məlumat verilərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildiyi və Nazirlər Şurası tərəfindən faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradıldığı, sübuta yetirilmiş soyqırım aktının dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldığı bildirilmişdir. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyi bildirilmiş və yalnız 80 ildən sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyi, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi qeyd olunmuşdur. Sonra 1918-ci ildə Quba qəzasında törədilmiş kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığı ilə Nazirlər Kabinetinin sərəncamı uyğun olaraq Quba Soyqırımı Memorial Kompleksinin tikildiyi və 2013-cü ildə açılış mərasiminin təşkil edildiyi, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalandığı, anım tədbirlərinin təşkil edildiyi vurğulanmış, eləcə də Azərbaycan xalqının və dövlətinin soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduğu, yad etdiyi qeyd olunmuşdur. Sonra Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu cənab Sabri Alptəkin faciə qurbanlarına Allahdan rəhmət diləmiş və bu soyqırım hadisəsinin bütün türk dünyasına, bəşəriyyətə qarşı törədildiyini vurğulamışdır. Azərbaycanlıların kədərinin Türkiyənin kədəri olduğunu qeyd edərək, soyqırım aktının dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini bildirmiş və bu istiqamətdə birgə iş aparılmasının, gələcək nəsillərə çatdırılmasının zəruriliyini qeyd etmişdir.Sonda tədbir iştirakçıları tərəfindən Baş Konsulluğun foyesində təşkil olunan foto sərgiyə baxış keçirmiş və faciə qurbanlarına Qurani Kərimdən surələr oxunaraq, xatirələri bir daha yad edilmişdir.