2024-05-28

“28 may - Müstəqillik Günü” ilə əlaqədar 2024-cü ilin 28 may tarixində  Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən Holiday inn mehmanxanasında rəsmi qəbul keçirilmişdir.

“28 may - Müstəqillik Günü” ilə əlaqədar 2024-cü ilin 28 may tarixində  Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən Holiday inn mehmanxanasında rəsmi qəbul keçirilmişdir. Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən diplomatik korpusun, Manqistau vilayətinin Qubernatorluğunun, vilayət və şəhər Məsləhət Şuralarının, Xalq Assambleyasının, Hava və Dəniz Limanlarının, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, yerli ictimai-siyasi xadimlər, KİV nümayəndələri, Mangistau, Atrau, Aktöbe, Qərbi Qazaxıstan vilayətlərində fəaliyyət göstərən Azərbaycan icmasının fəalları, gənclər (400-ə yaxın qonaq) iştirak etmişdir. İlk öncə dövlət himnləri səsləndirilmişdir. Sonra tədbir iştrakçılarına Xalq Cümhuriyyətinin yaranma tarixindən, müsəlman aləmində ilk demokratik Respublikanın olmasından, 23 aylıq fəaliyyəti dövründə  Azərbaycanın ilk Parlamentinin və Hökumətinin,  dövlət aparatının təşkil edilməsindən,  dövlət  sərhədlərinin müəyyənləşdirilməsindən, dövlət bayrağının, himninin və gerbinin yaradılmasından ,  ana dilinin dövlət dili elan edilməsindən, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilməsindən bəhs etmişdir. Bununla yanaşı Xalq Cumhuriyyətinin uğurlu xarici siyasətindən, diplomatik uğurlarından danışılaraq,  olkəmizin dünya birliyi tərəfindən tanıtdırılması istiqamətində apardığı əvəzolunmaz xidmətlərdən,  Paris Sülh Konfransında  yüksək səviyyəli görüşlərindən, əldə olunan uğurlu nəticələrdən,  ölkəmizin beynəlxalq hüququn subyekti kimi tanınmasının 1920-ci ildən (süqutundan) sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldığından  bəhs edilmişdir. Bununla yanaşı, 1991-ci ildə dövlət müstəqilliyimizin  yenidən bərpa edildiyi, ilk dövrlərində xalqımız böyük çətinliklərlə qarşılaşdığı, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə dönüşündən sonra dövlətimizin çiçəklənmə dövrünü yaşadığı, siyasi, iqtisadi, hərbi qüdrəti ilə  regionda, beynəlxalq aləmdə söz sahibinə çevrildiyi bildirilmişdir. Sonra bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkə arasında yüksək səviyyəli əlaqələrdən, Ulu Öndərin Qazax xalqına olan məhəbbətindən, həmkarları D.Kunayev və Nazarbayevlə olan dərin dostluq münasibətlərindən danışılmışdır.  Bununla yanaşı Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  uğurlu daxili və xarici siyasətindən, Qazaxıstan Respublikası Prezidenti Kasım Jomart Tokayevlə sıx dostluq münasibətlərindən,  dövlət başçıları tərəfindən atılan mühüm siyasi addımlarla iki ölkə arasında əlaqələrin dinamik şəkildə daha da inkişaf etməsindən, Qazaxıstanın ölkəmiz üçün strateji tərəfdaş, müttəfiq ölkə olmasından danışmışdır. Eyni zamanda, 2024-cü ilin 11-12 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ətraflı məlumat verilmiş və sözügedən konfransın ölkəmiz, eləcədə region üçün əhəmiyyəti barədə danışılaraq,  videroliklər, banerlər nümayiş etdirilmişdir. Sonra Mangistau vilayətinin akiminin (qubernatorunun) müavini xanım Zvira Tugelovna çıxış edərək, xalqımızı Müstəqillik Günü münasibəti ilə təbrik etmiş və ölkəmizlə, xalqımızla bağlı xoş arzularını tədbir iştirakçılarına çatdırmışdır. Z.Tuqelovna Azərbaycan Respublikasının dost və qardaş ölkə olduğunu bildirərək, iki ölkə arasında əlaqələrin yaranmasında, xalqlarımız arasında qardaşlıq bağlarının möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəz olunmaz xidmətlərindən,  onun əziz   xatirəsinin qazax xalqı tərəfindən daim yad edildiyindən danışmışdır. Həmçinin ölkələrimiz arasında münasibətlərin inkişaf  tendensiyasından bəhs edərək, dövlət başçılarının  qarşılıqlı səfərlərindən, keçirilən yüksək səviyyəli görüşlərdən, qarşılıqlı olaraq aparılan məhsuldar  işlərdən, əldə olunan nailiyyətlərdən,  qurulmuş sıx əməkdaşlıqdan məlumat vermişdir. Sonda xanım  Zvira Tugelovna  bayram münasibəti ilə bir daha təbrik etmiş və xalqımıza xoşbəxtlik, firavanlıq, çiçəklənmə, tərəqqi arzulamışdır.  Tədbir xalq artisti Gülyanaq Məmmədovanın və Qazaxıstanın əməkdar artisti Alişir Kerimovun ifası, eləcə də milli rəqslərlə davam etdirilmişdir.Tədbir yerli KİV-lərdə geniş işıqlandırılmışdır. 

Arxiv üzrə axtarış