2025-02-28

Baş konsul Ayxan Süleymanlının Türkiyənin Aktau şəhərindəki baş konsulu Sabri Alptekin ilə görüşü.

2024-cü ilin dekabr ayının 23-də baş konsul Ayxan Süleymanlı ilə Türkiyə Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki baş konsulu, duayen Sabri Alptekin arasında nəzakət görüşü keçirildi.

Görüşün əvvəlində S.Alptekin A.Süleymanlıyı salamlayaraq, onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı, Azərbaycanla Türkiyənin strateji tərəfdaş, dost və qardaş ölkələr olduğunu bildirdi. 

A.Süleymanlı səmimi qəbula görə təşəkkür etdi və nəzakət görüşlərinə diplomatik etiketə uyğun olaraq ilk növbədə  Aktauda akkreditə olunmuş diplomatik korpusun duayeni, qardaş Türkiyənin baş konsulu ilə görüş keçirməyi qərara aldığını qeyd etdi.

Ölkələrimizin strateji tərəfdaş, qardaş ölkə olduğunu, regionda gedən proseslərdə dövlət başçılarımızın koordinasiyalı siyasət yürütdüyünü, istənilən məsələdə qarşılıqlı dəstəyin olduğunu qeyd edən A.Süleymanlı əlaqəli iş birliyi içində  fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etdi.

S.Alptekin Qazaxıstanın ölkələrimizlə yaxın münasibətindən söz açdı və qarşılıqlı dəstək şəraitində fəaliyyət göstərəcəklərinə əminliyini bildirdi.

Görüşdə Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan, Türkiyə-Qazaxıstan  arasında ikitərəfli münasibətlərin hazırkı durumu, beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əldə edilmiş uğurlu əməkdaşlığa, bölgədə gedən proseslərə dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda baş konsul A.Süleymanlı həmkarına hədiyyə təqdim etdi, baş konsulluğun əməkdaşları ilə xatirə şəkili çəkdirdi və səmimi qəbula görə təşəkkürünü bildirdi.

Arxiv üzrə axtarış