2025-02-28

Baş konsul Ayxan Süleymanlının Özbəkistanın Aktau şəhərindəki baş konsulu Cəmaləddinhoca Əbdülkərimov ilə görüşü.

2024-cü ilin dekabr ayının 24-də baş konsul Ayxan Süleymanlı ilə Özbəkistan  Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki baş konsulu Cəmaləddinhoca Əbdülkərimov arasında nəzakət görüşü keçirildi.

C.Əbdülkərimov A.Süleymanlıyı salamlayaraq, onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı.

A.Süleymanlı qəbula görə təşəkkür etdi və ölkələrimizin yaxın dost, zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaş, qardaş ölkə olduğunu qeyd etdi və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin 2023-cü ilin avqust ayında Azərbaycana səfərini, səfər zamanı Füzuli şəhərində Özbəkistanın vəsaiti hesabına tikilmiş məktəbin açılışını yada saldı. Məktəbin tikintisinin ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addım olduğunu bildirən A.Süleymanlı buna görə başda cənab Ş.Mirziyoyev olmaqla bütün özbək xalqına təşəkkürünü bildirdi. 

C.Əbdülkərimov dövlət başçılarımızın səmimi münasibətlərindən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin avqust ayında Özbəkistana etdiyi məhsuldar dövlət səfərindən söz açdı, xalqlarımızın eyni dinə, dilə, adət-ənənəyə malik olduğunu qeyd etdi və əlaqəli şəkildə birgə fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Görüşün sonunda A.Süleymanlı həmkarına bir daha səmimi qəbula görə təşəkkürünü bildirdi, qarşılıqlı hədiyyə təqdim edildi və xatirə şəkili çəkdirdi.

Arxiv üzrə axtarış