2025-03-04

Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 30-cu ildönümü və “Təşəkkür Günü” münasibəti ilə tədbir keçirildi.

2025-ci ilin mart ayının 1-də Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 30-cu ildönümü və “Təşəkkür Günü” münasibəti ilə Manqistau vilayət Xalq Assambleyası tərəfindən “Aktau Dostluq” evində tədbir keçirildi.
Tədbirdə Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay iştirak və çıxış etdi. N.Kilıbay öz çıxışında qeyd etdi ki, digər millətlərin nümayəndələri Qazaxıstanda birlik və həmrəylik içində yaşayır, ölkənin və regionun inkişafına öz töhfələrini verir. Ölkə həyatında fəal iştirakına görə istedadlı, təşəbbüskar, yaradıcı insanlara təşəkkürünü bildirən akim tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdikdən sonra Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin Assambleyanın 30 illik yubileyi ilə əlaqədar təbrik məktubunu oxudu. Sonra akim vilayətin inkişafına töhfə verən, müxtəlif peşə sahəsində çalışan mütəxəssisləri mükafatlandırdı.
Tədbirdə həmçinin Türkiyənin, İranın, Özbəkistanın Aktau şəhərindəki baş konsullarının, o cümlədən Azərbaycan Respublikasının baş konsulu Ayxan Süleymanlının əvvəlcədən yazılmış video təbriki böyük ekranda iştirakçıların diqqətinə çatdırıldı. A.Süleymanlı öz təbrikində ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin mövcud olduğunu, münasibətlərimizin durmadan inkişaf etdiyini diqqətə çatdırdı və Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 30-cu ildönümü və “Təşəkkür Günü” münasibəti ilə qardaş qazax xalqını ürəkdən təbrik etdi.
Yubiley tədbiri müxtəlif millətlərdən olan icmaların nümayəndələrinin iştirak etdiyi konsert proqramı ilə davam etdi.

Arxiv üzrə axtarış